2025-ci il mayın 25-də Rusiya və Ukrayna əsir mübadiləsini həyata keçirib. Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi başlayandan bəri ən böyük mübadilə idi.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda aparılan danışıqlar nəticəsində əldə olunan razılaşma minlərlə insanın evinə dönməsinə imkan verib.
Lakin bu mübadilə çərçivəsində əsirlikdən qayıdanların heç biri Ukraynanın ən tanınmış və simvolik hərbi birliklərindən biri olan "Azov" briqadasından deyildi.
Yüzlərlə "Azov" döyüşçüsü 2022-ci ildə Ukraynanın Mariupol şəhərinin Rusiya qüvvələri tərəfindən qanlı mühasirəsi zamanı əsir götürülüb.
Bu döyüş müharibənin ən amansız döyüşlərindən biri hesab olunur və Rusiyanın genişmiqyaslı işğalının ilk aylarında Ukrayna qüvvələrinə vaxt qazandırması ilə tanınır. Bu isə Ukrayna qüvvələri üçün həyati əhəmiyyət kəsb edib.
"Azov" briqadasının Mariupolun son dayağı – "Azovstal" polad zavodunu qəhrəmancasına müdafiə etməsi bir çox Rusiya rəsmilərinin qəzəbinə səbəb olub. Onlar bu birliyi "terrorçu" təşkilat kimi tanıyıb, döyüşçülərinin tribunal qarşısına çıxarılmasını, hətta edam olunmalarını tələb ediblər.
O vaxtdan bəri Ukrayna cəmiyyəti əsir düşənlərin arxasında birləşib. Mariupol müdafiəçilərindən bəziləri — o cümlədən "Azov" briqadasının komandirləri — Rusiya əsirliyindən azad olunsa da, yüzlərlə döyüşçü hələ də Rusiyada ağır şəraitdə həbsdə saxlanılır.
İllərdir ki, Rusiya rəsmiləri "Azov" briqadasının mənşəyindən — 2014-cü ildə sağçı hərbi dəstənin əsasında yaradılmış bir alay kimi — istifadə edərək onun üzvlərinin millətçi baxışlarını və fəaliyyətlərini təhrif edir və ya şişirdirlər. Bunu Ukraynanın guya neonasistlər tərəfindən idarə edildiyini göstərmək üçün əsas kimi təqdim edirlər.
Ukrayna rəsmiləri bildirirlər ki, Rusiya danışıqlar zamanı "Azov" döyüşçülərinin geri qaytarılması ilə bağlı səyləri ardıcıl olaraq əngəlləyib.
Genişmiqyaslı müharibənin üçüncü ilində briqadanın ən tanınmış hərbi komandirlərindən bəziləri və hələ də əsirlikdə olanların ailə üzvləri artıq bunun yeganə səbəb olduğuna tam inanmırlar.
"Bacarıqsızlıq, yoxsa şüurlu qərar"
Mayın 25-də Ukrayna və Rusiya 1000 nəfərin mübadiləsinin son mərhələsini tamamladıqdan cəmi bir neçə saat sonra "Azov"un 12-ci Xüsusi Təyinatlı Briqadasının komandiri Denis Prokopenko "Azov" döyüşçülərinin siyahıda olmamasını "bütün dövlət üçün rüsvayçılıq" adlandırıb.
"Bu, rişxənd kimi gəlir", - özü də Rusiya əsirliyində olmuş Prokopenko bildirib. O, "Azov" döyüşçülərinin geri qaytarılmasına mane olan yeganə tərəfin Rusiya olduğuna inanmadığını əlavə edib.
"Əgər bu, həqiqətən də belə olsaydı, nə mən, nə də digər "Azov" döyüşçüləri əsirlikdən qayıtmazdıq", - Prokopenko X sosial media hesabında yazıb.
Ukraynanın "Azovstal" zavodundan geri çəkilməsinin üçüncü ildönümündən bir neçə gün sonra Prokopenkonun bu paylaşımı bir çox sadə ukraynalıların o zaman əsir götürülən və hələ də Rusiyada həbsdə saxlanılanların taleyi ilə bağlı narahatlığını gücləndirib.
Buna cavab olaraq Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının rəis müavini Andriy Yusov AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib ki, "Azov" döyüşçüləri ilə bağlı mövzu "həssas və ağrılı" olduğu üçün "emosional" açıqlamalara şərh verməyəcək.
Yusov Rusiyanı Ukrayna hökumətinə təzyiqi artırmaq üçün "Azov" döyüşçülərinin mübadilə prosesini qəsdən çətinləşdirməkdə ittiham edib.
Koordinasiya qərargahı bir müddət əvvəl bildirib ki, rusiyalı müstəntiqlərin bəzi ukraynalı hərbi əsirlərə qarşı açdığı cinayət işləri buna misaldır.
"Bizim əsirlərimiz Putinin əlindədir... (Rusiya xüsusi xidmət orqanları) əsirlərlə bağlı məsələdən Ukraynaya qarşı müharibə məqsədilə istifadə edir", - Yusov bildirib.
Lakin Prokopenko problemin yalnız Rusiyada deyil, həm də Ukraynanın strategiyasında olduğunu bildirib və "artıq işləməyən mexanizm" adlandırdığı yanaşmanın dəyişdirilməsinə çağırıb.
"Biz alternativlər tapmalıyıq, onlara müqaviləli əsgərdən daha dəyərli birini təklif etməliyik", - o vurğulayıb. "Ukrayna rus agentləri ilə doludur; bütün xüsusi xidmət orqanlarımız bunu çox yaxşı bilir".
Ukrayna rəsmiləri bəyan ediblər ki, son əsir mübadiləsi üçün siyahılar Ukrayna və Rusiya tərəfindən ayrı-ayrılıqda tərtib edilib və hər iki ölkə azad etmək istədiyi hərbi əsirləri özü seçib.
"Azov" briqadasının komandir müavini Svyatoslav Palamar da Prokopenkoya qoşularaq bu yanaşmanı sual altına alıb. Palamar qeyd edib ki, mübadilə doğrudan da çoxlu layiqli əsgərləri evə qaytarıb. Lakin o, eyni zamanda, Rusiya hakimiyyəti ilə əməkdaşlıq etmiş bəzi şəxslərin də azad edildiyini vurğulayıb.
"Bu, istəksizlik, bacarıqsızlıq və ya şüurlu bir qərardır? Biz danışıqlar aparırıq, yoxsa düşmənin dediyini qəbul edirik?", - Palamar öz Facebook səhifəsində yazıb.
AzadlıqRadiosuna müsahibəsində Kremlin Siyasi Məhbuslarının Qohumları Assosiasiyasının kommunikasiya meneceri Oleksandra Yefimenko bildirib ki, o, Ukrayna rəsmilərinin "Azov" döyüşçülərinin geri qaytarılmasına qəsdən cəhd göstərmədiyinə inanmır.
Lakin Assosiasiyanın rəhbəri İqor Kotelianetsin mövqeyini bölüşən Yefimenko rəsmiləri bu məsələ ilə bağlı daha açıq və şəffaf kommunikasiya aparmağa çağırıb.
"Əgər mübadilədə prioritet kateqoriyalar yoxdursa - ağır xəstələr, qadınlar, qocalar və ya uzun müddət əsirlikdə olanlar - bu, dərin inamsızlıq yaradır", - Kotelianets öz Facebook səhifəsində yazıb.
"Ukrayna prezidentinin ofisini və Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahını mübadilə prosesini ictimaiyyətə açıqlamağa çağırırıq", - o əlavə edib.
Rusiya əsirliyinin "cəhənnəmində"
2022-ci ilin fevralında Rusiyanın işğalından sonra, əsasən, "Azov" birliyindən olan ukraynalı əsgərlər Mariupoldakı "Azovstal" zavodunda aylarla müqavimət göstəriblər. Bu, müdafiə Ukrayna qüvvələrinin müdafiə xətlərini hazırlaması prosesinə yardımda çox önəmli hesab edilib.
2022-ci ilin mayında, təxminən iki aylıq davamlı bombardmanlardan sonra mühasirəyə alınmış "Azov" döyüşçülərinə Mariupolu müdafiə edən digər hərbçilərlə birlikdə Ukrayna prezidenti Volodimir Zelenski təslim olmaq əmri verib.
Prokopenko öz paylaşımında vurğulayıb ki, "Azov" döyüşçüləri həmin əmri yerinə yetiriblər və buna görə də mübadilə zamanı prioritet olmaq üçün "mütləq hüquqa" malikdirlər: "Bu, zəmanət verilmiş şəxslərə qarşı istehzanın nümayişidir... Onlar öz iradələri ilə deyil, Ali Baş Komandanlığın əmri ilə əsir düşüblər".
Zelenskinin əmrindən sonra 2 min 500-ə yaxın əsgər zavodu tərk edib. Ukrayna ordusu bunu rəsmi olaraq "xilasetmə əməliyyatı" adlandırıb.
Sonrakı üç il ərzində "Azovstal"da təslim olan və Rusiya tərəfindən əsir götürülən bəzi əsgərlər "terrorçuluq" ittihamı ilə həbs cəzası alıblar.
Ukrayna rəsmilərinin bildirdiyinə görə, digər əsirlər işgəncələrə məruz qalıb və Rusiya əsirliyində həlak olub. Onların arasında işğal altındakı Donetsk bölgəsinin Olenovka şəhərindəki həbsxanada baş vermiş partlayışda həyatını itirən 54 ukraynalı əsgər də var.
"Azov" briqadasının zabiti İqor Titovski "Azovstal"ın müdafiəsində iştirak edib və sonradan Olenovkada saxlanılıb. O, rus əsirliyini "cəhənnəm"lə müqayisə edib.
Rusiyanın Rostov və Volqoqrad bölgələrindəki həbsxanalara köçürülməsini xatırlayan Titovski orada dözdüyü işgəncələri təsvir edib.
O, AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib: "Mən üç gün davam edən çox gərgin dindirmə prosesindən keçdim, həmin müddətdə ayaqlarımı sındırdılar. 2022-ci ilin noyabr-dekabr aylarında mən artıq sol ayağımın üstündə dura bilmirdim".
"Başıma torba keçirmişdilər, əllərimi bağlamışdılar, yerə yıxmışdılar; ikisi üstümdə oturub, elektrik cərəyanı vurur və suallarını verirdilər", - Titovski deyib.
"Mənim nə baş verdiyi barədə heç bir fikrim yox idi. Bu, əvvəllər hiss etdiyim heç bir şeyə bənzəmirdi", - o qeyd edib.
Titovski 2024-cü ilin sentyabrında əsirlərin mübadiləsində dəyişdirilib. Bununla belə, "Azov" hərbi qulluqçularının xeyli hissəsi hələ də Rusiya əsirliyində qalır.
AzadlıqRadiosuna danışan "Azov" briqadasının digər zabiti Kostyantin Kojekin hesab edir ki, təxminən 850 "Azov" döyüşçüsü Rusiya əsirliyindədir.
Hələ də Rusiyada əsir olan "Azov" döyüşçüsünün həyat yoldaşı Anastasiya Qondul isə AzadlıqRadiosuna bildirib ki, həbsdə olanların yaxınları "qaranlıqda və ümidsizlik içində" yaşayırlar. O bildirib ki, onlara səslərinin eşidiləcəyi vəd edilsə də, döyüşçülərin çoxu hələ də azad edilməyib.
Sonuncu mübadilədən sonra Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, Ukrayna digər hərbi birliklərdən olan 33 "Azovstal" müdafiəçisinin azad olunmasını təmin edə bilib.
Yusov əlavə edib ki, illər ərzində Rusiya tərəfindən yaradılan çətinliklərə baxmayaraq, Ukrayna ümumilikdə 1279 "Azovstal" müdafiəçisini geri qaytara bilib və onlardan 455-i "Azov" briqadasının üzvüdür.
Yazı AzadlıqRadiosunun Ukrayna xidməti tərəfindən hazırlanıb.