Xaricdə yaşayan və sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin ifadələrlə tənqid edən bloqerlərdən daha bir neçəsinin haqqında qiyabi həbs qərarı verilib. Binəqədi rayon Məhkəməsində 7 nəfər – Qabil Məmmədov, Məhəmməd Mirzəli, Qurban Məmmədov, Süleyman Süleymanlı, İmaməddin Əlimanov, Elşad Məmmədov və Orxan Ağayev haqqında prokurorun təqdimatı təmin olunub. Onlar haqqında həbsli axtarış qərarı çıxarılıb.
Onlar dövlət əleyhinə və kütləvi iğtişaşlara çağırışlarda suçlanırlar. Bəzilərinə dövlət sirrini yayma, dələduzluq və başqa ittihamlar da irəli sürülüb.
Onlar ittihamları qəbul etmir, tənqidi çıxışlarına görə təqib olunduqlarını deyirlər.
2 iyun
Baş Prokurorluğun istintaqa çağırdığı xaricdəki bloqerlər haqqında həbsli axtarış qərarı verilib
Bu ilin mart-aprel aylarında Baş Prokurorluğun İctimai Televiziya vasitəsilə elan verib istintaqa çağırdığı xaricdəki bloqerlər haqqında qiyabi həbs qərarı çıxarılıb. AzadlıqRadiosunun bilgisinə görə, mayın 31-də Binəqədi rayon Məhkəməsində prokurorluğun xaricdəki bloqerlərdən Tural Sadıqlı, Orduxan Bəbirov və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev haqqında təqdimatlarına baxılıb.
Almaniyada yaşayan T.Sadıqlı dələduzluq, kütləvi iğtişaşlara çağırış, saxta sənəd hazırlama kimi əməllərdə suçlanır.
"Orduxan Temirxan" kimi tanınan bloqer O.Bəbirov Niderland vətəndaşıdır. O da kütləvi iğtişaşlar və dövlət əleyhinə açıq çağırışlarda ittiham olunur.
"Məni ekstradisiya etmək mümkün deyil"
O.Bəbirov haqqında 2018-ci ildə də Bakının Nəsimi rayon Məhkəməsinin qərarıyla həbsli axtarış qərarı çıxarılmışdı.
"İttihamlar qeyri-ciddi səciyyə daşıyır. 20 ildir Hollandiya (Niderland) vətəndaşıyam. Niderland Azərbaycandan fərqli olaraq qanunların şah olduğu dövlətdir. Hətta Azərbaycan hakimiyyəti, rəsmi olaraq, İnterpola müraciət etsə və Niderlandın hüquq-mühafizə orqanları ilə əlaqə qursa, məni ekstradisiya etmək mümkün deyil", - o zaman bloqer özü haqqında qiyabi həbs qərarını AzadlıqRadiosuna belə şərh etmişdi.
Fransada yaşayan keçmiş rektor E.Abdullayevə gəlincə, ona qarşı rüşvət alma, vergidən yayınma, insan orqanının transplantasiya məqsədilə qanunsuz götürülməsi və s. ittihamlar irəli sürülüb.
"Uzun siyahı var"
"Azadlıq" qəzetinin baş redaktoru, Fransada yaşayan Qənimət Zahid sosial media hesabında məlumat yayıb ki, onun da haqqında qiyabi həbs qərarı verilib: "Qiyabi həbs qərarlarının uzun bir siyahısı var artıq. Bu dəfə siyahıya daha üç nəfər əlavə edilib - Emin Əhmədbəyov, Natiq Ədilov və mən...".
N.Ədilov da "Azadlıq" qəzetinin yazarıdır. O, bir neçə ildir Fransada siyasi sığınacaq alıb.
Keçmiş polis əməkdaşı olan E.Əhmədbəyov Azərbaycanda həbsdən buraxılandan sonra ölkəni tərk edib. O, Fransadan yayımlanan "Azərbaycan saatı" televiziya internet televiziyasının aparıcılarındandır.
Q.Zahidin yaydığı məlumata prokurorluqdan rəsmi şəkildə şərh almaq mümkün olmayıb.
"Onlarda psixoloji gərginlik yaratmaq istəyirlər"
Keçmiş diplomat Nahid Cəfərov düşünür ki, hökumətin bu addımlarının ardında iki səbəb ola bilər: psixoloji təzyiq və ya ölkə içində alternativ qüvvələrin yaranmasının qarşısının alınması: "Real olaraq heç bir nəticəsi olmasa da, ola bilər ki, hökumət bu insanlar üçün sadəcə bir psixoloji gərginlik yaratmaq istəyir. Yəni, onların psixoloji durumlarına təsir göstərmək istəyir. Və bununla da sanki psixoloji təzyiq göstərməyə çalışır. Məsələnin digər bir tərəfinə gəlincə, hökumət maraqlıdır ki, bu insanlar hər zaman aktual olsun. Yəni, alternativ olmasın, alternativə şərait yaranmasın. Ona görə bu insanlar bir az gündəmdən düşən kimi, bir az bu insanların auditoriyası daralan kimi sanki hökumət "bax, bu adamlardan mən qorxuram, bax, bu adamlar alternativ səsi çatdırandırlar" ismarışı verir. Sanki auditoriyanı bu insanlara tərəf yönəltmiş olur".
Azərbaycan rəsmilərinin Avropada yaxşı imicə sahib olmadığını deyən N.Cəfərov bildirir ki, bloqerlərin Avropadan Azərbaycana nə həbs, nə də diplomatik yollarla gətirilməsi mümkündür.
"Yaxın gələcəkdə gerçəkləşə bilər"
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa AzadlıqRadiosuna açıqlamasında xaricdəki bloqerləri hazırda həbsdə olan Qarabağ separatçıları ilə müqayisə edib, deyib ki, onlar da vaxtilə əlçatan deyildilər, Azərbaycan əleyhinə fəaliyyət göstərirdilər, amma sonra hamısı həbs olundu: "Xüsusilə də söyüş söyən, tərbiyəsiz şəxslərdən söhbət gedir, yoxsa bu, bütün bloqerlərə tətbiq olunmur. Yüzlərlə bloqer var ki, hansısa bir şəkildə etik qaydalara əməl edirlər. Bu baxımdan, indi çıxarılan qərar yaxın gələcəkdə gerçəkləşə bilər. Yəni bunu ya təhvil vermək, ya həbs formasında gerçəkləşdirmək mümkündür".
Xaricdəki bloqerlər dövlət əleyhinə və kütləvi iğtişaşlara çağırışlarda suçlanırlar. Bəzilərinə dövlət sirrini yayma, dələduzluq və başqa ittihamlar da irəli sürülüb. Onlar ittihamları qəbul etmir, tənqidi çıxışlarına görə təqib olunduqlarını deyirlər.